Azərbaycan qazı Avropada enerji diversifikasiyasını təmin edə bilər - Aİ

Azərbaycan qazı Avropada enerji diversifikasiyasını təmin edə bilər - Aİ

Bakı. TurkicWorld:

Potensial olaraq Azərbaycan qazı Mərkəzi-Şərqi Avropada tədarüklərin təhlükəsizliyinin artırılmasında və enerji resursları mənbələrinin diversifikasiyasında rol oynaya bilər.

Bu barədə TurkicWorld-ə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi deyib.

"Mərkəzi-Şərqi və Cənub-Şərqi Avropadan Aİ təbii qazının nəql sisteminin dörd operatoru bu yaxında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-la birlikdə "Həmrəylik Halqası" layihəsini təqdim ediblər. "Həmrəylik Halqası" ilə əlaqədar olaraq infrastruktura qoyulan müxtəlif investisiyalar Aİ-nin ümumi maraq kəsb edən beşinci layihələr siyahısına daxildir. Lakin layihənin davamlılığı barədə danışmaq üçün hələ tezdir", - deyə Aİ nümayəndəsi qeyd edib.

O qeyd edib ki, Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığı üzrə yol xəritəsi ötən ilin yayında qəbul edilmiş, enerji sahəsində yeni strateji tərəfdaşlıq planında müəyyən edilib.

"Bir tərəfdən əməkdaşlığımız Azərbaycanın xüsusən Cənub Qaz Dəhlizinin genişləndirilməsi hesabına Rusiya yanacağından diversifikasiyada oynadığı və oynayacağı mühüm rolla əlaqəlidir. Digər tərəfdən tərəfdaşlığımız enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri, bərpa olunan hidrogen və qeyri-mütəşəkkil metan emissiyalarının qarşısının alınması sahəsində tədbirlərlə təmiz enerjiyə keçid üzrə ümumi proqrama əsaslanıb", - deyə Aİ nümayəndəsi vurğulayıb.

Mənbə ikitərəfli tərəfdaşlığın 2050-ci ilədək sıfır tullantılara malik təmiz iqtisadiyyata nail olmaq öhdəliyinin daxil olduğu kompleks və ardıcıl gündəliyə əsaslandığını qeyd edib.

"Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson və Azərbaycanın energetika naziri Pərviz Şahbazov hələ bir neçə həftə əvvəl enerji dialoqu keçiriblər. Dialoq zamanı onlar bu gündəliyin yerinə yetirilməsinə tərəfdar olduqlarını təsdiqləyiblər", - deyə Aİ nümayəndəsi əlavə edib.

Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Qaz kəmərinin ötürücülük gücü 20 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 10 milyard kubmetrdir. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək ikiqat artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn