Azərbaycan və Özbəkistan arasında birgə avtomobil istehsalı hər iki ölkənin gəlirlərinin artırılması baxımından vacibdir – Vüqar Bayramov (ÖZƏL)

Azərbaycan və Özbəkistan arasında birgə avtomobil istehsalı hər iki ölkənin gəlirlərinin artırılması baxımından vacibdir – Vüqar Bayramov (ÖZƏL)

Bakı, TurkicWorld:

Özbəkistanın Mərkəzi Asiyada avtomobil istehsal edən ölkələrdən biri olmasını nəzərə alsaq təbii ki, bu sahədə Azərbaycanla əməkdaşlığın qurulması və birgə avtomobil istehsalının həyata keçirilməsi hər iki ölkənin gəlirlərinin artırılması baxımından vacibdir, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında bildirib.

“Azərbyacanın türk dövlətləri ilə, o cümlədən Özbəkistanla münasibətlərinin dərinləşməsi müşahidə olunur. Bu həm Azərbaycanın, həm də Özbəkistanın maşın istehsalı, satışı və ixracatından gəlir əldə etməsinə imkan yaradacaq. Bu, eyni zamanda, ölkələr arasında investisiya qoyuluşu imkanlarını genişləndirəcək. Türk dövlətlərinin daha çox investisiya cəlb etmək üçün birgə investisiya fondunun yaradıldığını nəzərə alsaq, bu, birmənalı şəkildə iki ölkə arasında münasibətlərin dərinləşməsinə və dövlətlərin bu əməkdaşlıqdan gəlir əldə etməsinə şərait yaradacaq”, - deyə V. Bayramov əlavə edib.

Qeyd edək ki, mayın 1-də Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, həmçinin "Uzavtosanoat" səhmdar cəmiyyətinin idarə heyəti sədri Uluqbek Rozukulovun nemayəndə heyəti iştirak edib.

Müəssisədə "Chevrolet", "Cobalt", "Malibu", "Tracker" və "Equinox" kimi markalı avtomobillərin istehsal olunacağı gözlənilir.

Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun 2025-ci ilin mayında işə salınacağı gözlənilir.

Ləman Əsədli

lamanasadli01