Yaxın aylarda xammal hasilatına kvotaların mərhələli şəkildə artırılması ilə neft qiymətlərinin və tələbin də artması 2021-ci ilin ikinci yarısında Azərbaycanın iqtisadi göstəricilərini daha da möhkəmləndirəcək.
Turkic.World-un məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Regional Economic Prospects" hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı neft və qazla yanaşı, digər sektorların hesabına da bərpa olunur:
"Koronavirus pandemiyası və neft qiymətlərinin azalmasından sonra Azərbaycanın ümumi daxili məhsulu 2020-ci ildə 4,3 faiz azalıb. Neft-qaz sektorundakı 7,2 faizlik azalma iqtisadiyyatın digər sahələrinin daha yumşaq azalması ilə tarazlaşdırılıb ki, buna da geniş dövlət dəstəyi tədbirlər paketi kömək göstərib".
Sənədə əsasən, qiymətlərin azalması və OPEC+ sazişi çərçivəsində hasilatın azalması fonunda neft satışından gəlirlərin azalması xarici və büdcə profisitlərini kəsirə çevirib. Amma yaranan vəziyyətə baxmayaraq, Azərbaycanın dövlət borcu aşağı səviyyədə qalıb, belə ki, ölkə daxilində maliyyələşdirmə ehtiyacları Azərbaycan Dövlət Neft Fondunun iri aktivlərinin cəlb olunması hesabına qarşılanıb.
İqtisadiyyatın qeyri-neft sektoru 2021-ci ildə bərpa olunmağa başlayıb və ilin ilk 5 ayı ərzində 4,5 faiz artım nümayiş etdirib.
Ümumilikdə AYİB Azərbaycan iqtisadiyyatının 2021-ci ildə 2 faiz, 2022-ci ildə 2,5 faiz artacağını proqnozlaşdırır.