Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Energetika Nazirliyi Bakı İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu

Bakıda regional enerji bağlantıları və yaşıl keçid imkanları müzakirə olunub

BAKI,TurkicWorld

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar” mövzusunda panel sessiya təşkil olunub. Sessiyada regional enerji əlaqələrinin inkişafı, bərpaolunan enerji layihələrinə investisiyaların cəlb edilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məsələləri müzakirə edilib.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən forum çərçivəsində təşkil olunan panel sessiyaya “The European House - Ambrosetti” beyin mərkəzinin nümayəndəsi Alessandro Viviani moderatorluq edib. Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkənin Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya arasında regional enerji bağlantılarının inkişafında rolunu vurğulayıb.

Sessiyada bərpaolunan enerji mənbələri, yaşıl infrastruktur layihələri və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. İştirakçılar yaşıl enerji layihələrinin maliyyələşdirilməsi, texnologiya imkanlarının genişləndirilməsi və əlverişli tənzimləyici mexanizmlərin yaradılması məsələlərini müzakirə ediblər.

Paneldə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev, İtaliyanın “Intesa Sanpaolo” bankının nümayəndəsi Luka Matrone, Çinin Enerji Keçidi Araşdırmaları üzrə Beynəlxalq Cəmiyyətinin Şurasının sədri Syanşen Sun, “Çalık Holding”in İdarə Heyətinin sədri Ahmet Çalık və “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin baş direktoru Tural Əliyev çıxış ediblər.

Müzakirələr zamanı yaşıl elektrik enerjisinin ötürülməsi, transsərhəd enerji layihələrinin inkişafı və regional enerji bazarlarının inteqrasiyasının əhəmiyyəti diqqət mərkəzində olub. Həmçinin yaşıl keçid prosesində enerji təhlükəsizliyinin və sənaye rəqabət qabiliyyətinin qorunmasının vacibliyi vurğulanıb.

Mövzuya görə xəbərlər