BAKI,TurkicWorld
11 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (FinCERT) beynəlxalq “Forum of Incident Response and Security Teams” (FIRST) təşkilatına üzv qəbul olunub.
TurkicWorld xəbər verir ki, FinCERT üzvlük üçün müəyyən edilmiş bütün tələbləri uğurla yerinə yetirib. “FIRST” dövlət, kommersiya və akademik sektorları təmsil edən kompüter təhlükəsizliyi insidentlərinə cavab komandalarını birləşdirən beynəlxalq təşkilatdır. Üzvlük maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində etibarlı əməkdaşlıq imkanlarını genişləndirir, qabaqcıl təcrübələrə çıxışı təmin edir və operativ məlumat mübadiləsini gücləndirir.
Bu addım Azərbaycan maliyyə sektorunda kibertəhlükəsizlik ekosisteminin inkişafına, erkən xəbərdarlıq və koordinasiya imkanlarının gücləndirilməsinə və maliyyə bazarı iştirakçılarının kiberdayanıqlığının artırılmasına xidmət edir. Xatırladaq ki, FinCERT sahəvi mərkəz olaraq məlumatların qəbulunu, təhlilini və aidiyyəti üzrə koordinasiyanı təmin edir. Mərkəzin əsas məqsədi maliyyə sektorunda koordinasiyalı yanaşmanı dəstəkləmək və kibertəhlükəsizlik dayanıqlılığını artırmaqdır.







