Bakı. TurkicWorld:
Azərbaycan və Çinin "iSoftStone" şirkəti arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Çinin "iSoftStone" şirkətinin icraçı vitse-prezidenti Li Huanq ilə rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik.
Texnologiya transferi, eləcə də ölkəmizdə kompüter və elektron avadanlıqlar istehsalını dəstəkləyəcək təchizat və dəyər zəncirinin formalaşdırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 417,8 milyon ABŞ dolları təşkil edib.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 38,3 milyon ABŞ dolları və ya 10,1% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,81%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Bu ilin yanvar ayında Azərbaycandan Çinə 10,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,065 milyon ABŞ dolları və ya 9,2 dəfə çoxdur.
Hesabat dövründə Çindən Azərbaycana isə 407,7 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 milyon ABŞ dolları və ya 7,7% artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.







