Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev qeyri-neft sektoru İpoteka və Kredit Zəmanət Fondu

İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 684 milyon manat kredit verilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir.

TurkicWorld xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyaların verilməsinə başlanılıb. Fərmana əsasən, kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

2026-cı il yanvarın 1-nə olan məlumata görə, Fondun təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara 684 milyon manat məbləğində kreditə zəmanətin verilməsi təmin olunmuşdur. 2025-ci ildə müvəkkil banklar tərəfindən 147 milyon manat həcmində kreditə zəmanət verilmişdir.

Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, 2025-ci ildə istiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat məbləğində zəmanət təqdim edilmişdir. Sahibkarların manatla əldə etdikləri kreditlər üzrə portfel zəmanət mexanizmi çərçivəsində 360 sahibkarın 5,33 milyon manat məbləğində kreditinə 4 milyon manat həcmində zəmanət verilib.

Mövzuya görə xəbərlər