Son dəqiqə

İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi Dünya Bankı Azərişıq Açıq Səhmdar Cəmiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Samir Vəliyev Enerji Məsələlərini Tənzimləmə Agentliyi

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun onlayn formatında növbəti iclası keçirilib. İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və özəl sektor nümayəndələri iştirak edib.

TurkicWorld xəbər verir ki, işçi qrupun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev gündəlikdə duran məsələlərə dair məlumat verib, həmin məsələlərin ən optimal formada icrasına diqqət çəkib.

Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr barədə danışıb. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də kommunikasiya işləri istiqamətində tədbirlərin istehlakçı məmnuniyyətini artırdığını, biznes mühitini daha da yaxşılaşdırdığını qeyd edib.

İşçi qrupun rəhbərinin müavini, “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov vurğulayıb ki, Dünya Bankının “Enterprise Survey 2024” nəticələrinə görə Azərbaycan 368 müəssisənin iştirakı ilə keçirilmiş sorğuda elektrik enerjisi ilə bağlı əsas indikatorlarda regionun bir çox ölkələrinə nisbətən daha yaxşı nəticələr nümayiş etdirib. Xüsusilə, elektrik kəsintilərinin tezliyi və davametmə müddəti üzrə göstəricidə ölkəmiz ən yüksək nəticəyə nail olub.

İclasın gündəliyinə uyğun olaraq “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin icra vəziyyəti barədə məlumat təqdim olunub, cari il üzrə qarşıya qoyulmuş bütün hədəflərə çatıldığı qeyd edilib. Bununla bərabər 2026-cı il üçün Yol Xəritəsi layihəsi müzakirə edilib, iştirakçıların layihəyə dair rəy və təklifləri toplanıb.

Sonda 2026-cı il üçün Yol xəritəsi layihəsinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya təqdim edilməsi barədə qərar qəbul edilib.

Mövzuya görə xəbərlər