Bakı, TurkicWorld
Energetika Nazirliyi təsərrüfat subyektlərində və binalarda (qurğularda) enerji auditinin keçirilməsi üzrə ixtisas attestatı əldə etmək istəyənlərə çağırış edir.
Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarının, həmçinin həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərinin müəyyənləşdirilməsi məqsədini daşıyır.
İxtisas attestatı əldə etmək üçün energetika və ya iqtisadi sahələrdə ali təhsil və müvafiq ixtisas üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur. Attestasiya test üsulu ilə Energetika Nazirliyi tərəfindən 2 saat müddətində və fasiləsiz keçirilir. Namizədlərə 40 qapalı və 10 açıq tipli olmaqla ümumilikdə 50 test tapşırığı təqdim edilir. Testdə ən azı 45 bal toplamış namizədlər attestasiyadan keçmiş hesab olunurlar.
Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (enerji auditi üzrə təşkilat) bu barədə Energetika Nazirliyinə müraciət etməlidir.
Enerji auditoru ixtisas attestatının əldə edilməsi üçün müraciətlər minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir. Müraciət və attestatın əldə edilməsi ödənişsizdir.
İmtahanın yeri, tarixi və saatı, həmçinin növbəti keçiriləcək imtahanlara dair məlumatlar Nazirliyin www.minenergy.gov.az rəsmi internet səhifəsində elan ediləcəkdir.
Attestasiya Proqramı və İxtisas attestatını əldə etmək üçün Bələdçi ilə Nazirliyin rəsmi internet saytında "Enerji səmərəliliyi" bölməsinin "Enerji auditi" alt bölməsindən tanış ola bilərsiniz.