Bakı, TurkicWorld
Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsünü çox perspektivli hesab edir və bunu alqışlayır.
Bu barədə TurkicWorld -ə özəl olaraq AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Kendis MakDeyqan deyib.
Onun sözlərinə görə, AİB bu yaşıl enerji ixrac dəhlizinin maliyyələşdirilməsi perspektivləri ilə bağlı müzakirələrin ilkin mərhələsindədir:
"Azərbaycanın "Mərkəzi Asiya-Azərbaycan" "yaşıl" dəhlizinin yaradılmasına dair anlaşma memorandumları var. Bu dəhliz böyük, çox perspektivli və maraqlı təşəbbüsdür. O, bir neçə ölkəni birləşdirəcək, layihədə bir neçə şirkət iştirak edəcək. İndi bir neçə addım atılmalı, xüsusən də texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlanmalıdır", - deyə K.MakDeyqan qeyd edib.
Energetika nazirinin müavini Orxan Zeynalov bir müddət əvvəl Trend-ə müsahibəsində bildirib ki, Asiya İnkişaf Bankı (AİB) "Mərkəzi Asiya-Azərbaycan" "yaşıl" enerji dəhlizinin seqmentinin yaradılmasında Azərbaycanın əsas tərəfdaşlarından biri ola bilər və fəal danışıqlar aparılır.
Təşəbbüsün iştirakçıları Özbəkistan və Qazaxıstandır ki, onun həyata keçirilməsi üçün yaxın vaxtlarda Bakıda birgə müəssisə yaradılacaq.
O.Zeynalov Trend-ə bildirib ki, artıq beynəlxalq miqyasda tanınan şirkət seçilib, o, texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq, ondan sonra bu "yaşıl" enerji dəhlizinin həyata keçirilməsi üçün tələb olunan vəsaitin həcminə aydınlıq gələcək.
Qeyd edək ki, AİB Azərbaycanın enerji sektorunun inkişafına fəal kömək edir və xüsusilə Böyük Şor gölündə günəş fotoelektrik stansiyasının yaradılmasına dəstək göstərir.
AİB-in Azərbaycandakı layihələrinin ümumi portfeli 5 milyard dolları ötüb, əməkdaşlıq 1999-cu ildən həyata keçirilir.