BAKI,TurkicWorld
İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
TurkicWorld xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat nazirinin müavini Azər Bayramov Asiya İnkişaf Bankının Dövlət sektorunun idarə edilməsi və idarəçilik sektoru ofisinin regional direktoru Navendu Karanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin, eləcə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan islahatlar barədə məlumat verilib.
Azərbaycanda iqtisadiyyatın rəqəmsal transformasiyasının əsas prioritetlərdən olduğu və bu istiqamətdə süni intellekt əsaslı həllərin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər qeyd olunub. Eyni zamanda, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, mütərəqqi beynəlxalq təcrübələrin tətbiqi, rəqəmsal nəzarət mexanizmlərinin genişləndirilməsi üzrə görülən işlər nəzərə çatdırılıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.







