BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ prezidenti Donald Tramp İranla bağlı son hərbi əməliyyatlar barədə yeni açıqlama verib.
TurkicWorld xəbər verir ki, Donald Tramp sosial şəbəkədə paylaşım edərək İranın ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində “tam məğlub edildiyini” iddia edib.
Onun sözlərinə görə, Tehran hazırda razılaşma əldə etmək istəyir, lakin ABŞ administrasiyasının qəbul etməyəcəyi şərtlər irəli sürür.
Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələrinin İran ərazisində həyata keçirdiyi əməliyyatlar geniş miqyaslı olub. ABŞ liderinin sözlərinə görə, Vaşinqton İranın əsas neft mərkəzlərindən biri hesab edilən Xarq adasında yerləşən hərbi obyektlərə zərbələr endirib.
Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından keçən neft tankerlərinin təhlükəsizliyini təmin etmək üçün müşayiət əməliyyatlarına başlamağa hazırlaşdığı qeyd olunub.
ABŞ zərbələrinin davam etdiyi vaxtda İran İsrail ərazisinə pilotsuz uçuş aparatları və raketlərlə yeni hücumlar həyata keçirib.
İranın xarici işlər naziri Abbas Araqçi isə bildirib ki, hazırkı şəraitdə ABŞ ilə danışıqlar gündəmdə deyil və hərbi əməliyyatlar zəruri hesab edilən müddət ərzində davam etdiriləcək.
Məlumatlara görə, ABŞ-ın İranın Xarq adasında həyata keçirdiyi hücumlar zamanı bir neçə partlayış qeydə alınıb. İran tərəfi hava hücumundan müdafiə sistemlərinin, hərbi dəniz bazasının və hava limanı obyektlərinin hədəf alındığını, lakin neft infrastrukturlarına ciddi zərər dəymədiyini bildirib.
İran mediasının məlumatına əsasən, ölkənin hava məkanında bir neçə pilotsuz uçuş aparatı vurulub və müharibə başlayandan bəri ABŞ və İsrailə məxsus 100-dən çox pilotsuz aparatın məhv edildiyi iddia olunur.
Eyni zamanda, İsrail ordusu son sutka ərzində İranın qərb və mərkəzi bölgələrində 200-dən çox hərbi hədəfə zərbə endirildiyini açıqlayıb. Bu hədəflər arasında ballistik raket qurğuları, hava hücumundan müdafiə sistemləri və silah istehsalı obyektlərinin olduğu bildirilib.