BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Azərbaycan kapital bazarları və fintexin inkişafı üzrə CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) ölkələrinin reytinqində institusional və tənzimləyici imkanlar göstəricisinə görə birinci, texnoloji göstərici üzrə isə Çindən sonra ikinci yerdə qərarlaşıb.
TurkicWorld bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatına istinadən məlumat verir.

Sənəddə qeyd olunur ki, bu nəticələr Azərbaycanın fintex texnologiyaları sahəsindəki potensialına, eləcə də inkişaf etmiş tənzimləyici və biznes imkanlarına söykənərək qısa müddətdə kapital bazarlarının inkişafını sürətləndirmək iqtidarında olduğunu göstərir.
“Fintex ənənəvi kapital bazarlarının modernləşdirilməsi və alternativ maliyyələşdirmə platformalarının tətbiqi üçün istifadə oluna bilər”, - deyə bankın hesabatında vurğulanır.
AİB analitiklərinin fikrincə, Azərbaycan texnoloji və institusional göstəricilərdə əks olunan üstünlüklərindən tam şəkildə istifadə etməklə CAREC regionunda kapital bazarlarının inkişafında aparıcı mövqe tuta bilər.
Hesabatda potensial liderlik istiqamətləri kimi regional tənzimləyici “sandbox”un yaradılması, birgə fintex icmasının formalaşdırılması, rəqəmsal identifikasiya üzrə tənzimləmələrin harmonizasiyası, eləcə də paylanmış reyestr texnologiyaları (DLT) və oxşar həllərdən istifadə etməklə transsərhəd ödənişlərin inkişafı göstərilir.
AİB-in məlumatına görə, CAREC regionunda kapital bazarlarının inkişafını sürətləndirmək üçün dərinləşdirilmiş regional əməkdaşlıq zəruridir.
Bankın gəldiyi qənaətə görə, bu yanaşma regional maliyyə inteqrasiyasının sürətləndirilməsi üçün optimal strategiyadır, çünki o, şirkətlərin ən səmərəli maliyyələşmə mənbələrini, investorların isə ən məhsuldar investisiya imkanlarını seçə biləcəyi daha dərin və likvid kapital bazarlarının formalaşmasına töhfə verir. Regional əməkdaşlıq maliyyə qloballaşması və inteqrasiya ilə bağlı risklərin idarə olunması üçün də vacibdir.
Hesabatda qeyd olunur ki, kapital bazarlarının inkişafı yalnız müxtəlif sahələrdə ardıcıl və uzunmüddətli siyasi səylər şəraitində mümkün olan mürəkkəb bir vəzifə olaraq qalır. Fintex və regional əməkdaşlıq bu məqsədə yaxınlaşmağa kömək etsə də, struktur və obyektiv məhdudiyyətlər səbəbindən real dəyişikliklərin daha yavaş templə baş verəcəyi gözlənilir.
“Bu baxımdan tənzimləyici orqanlar həyata keçirilməsi bəzi ölkələrdə 10 ilə, ayrı-ayrı hallarda isə 20 ilə qədər vaxt apara bilən, kompleks və dəqiq strukturlaşdırılmış plana əsaslanan mərhələli və strateji yanaşmaya riayət etməlidirlər”, – deyə AİB-in hesabatında bildirilir.







