Son dəqiqə

İsrail İran ABŞ Donald Tramp Reza Pəhləvi

Reza Pəhləvi hakimiyyət keçidinə rəhbərlik etməyə hazır olduğunu bildirib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Reza Pəhləvi ölkədə hakimiyyət dəyişikliyi baş verəcəyi halda keçid dövrünə rəhbərlik etməyə hazır olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, ABŞ-da yaşayan Reza Pəhləvi sosial şəbəkə hesablarında yayımladığı müraciətdə İranın gələcək siyasi keçid mərhələsi üçün hazırlıq işlərinin artıq aparıldığını bildirib.

Onun sözlərinə görə, ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif mütəxəssislərdən ibarət şəxslər müəyyən edilərək qiymətləndirilib və “Keçid sistemi” adlandırılan idarəetmə strukturu üçün namizədlər seçilir.

Reza Pəhləvi bildirib ki, İslam Respublikası süqut edəcəyi halda bu keçid sistemi qısa müddətdə ölkədə idarəetməni üzərinə götürməyə və sabitliyi bərpa etməyə hazır olacaq. O qeyd edib ki, əsas məqsəd təhlükəsizlik, azadlıq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır.

Pəhləvinin sözlərinə görə, keçid dövründə ölkədə idarəetmə strukturlarının formalaşdırılması və yeni siyasi sistemin müəyyənləşdirilməsi üçün müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət komanda hazırlanır.

Bununla yanaşı, İran müxalifətinin sürgündə fəaliyyət göstərən müxtəlif qrupları arasında Pəhləvi ən tanınmış fiqurlardan biri hesab olunur. Son aylarda bəzi ölkələrdə keçirilən mitinqlərdə monarxiya tərəfdarlarının dəstəyi də müşahidə edilib.

Lakin ABŞ prezidenti Donald Trampın Reza Pəhləvini İranın gələcək lideri kimi açıq şəkildə dəstəkləmədiyi bildirilir. ABŞ lideri son açıqlamalarında Pəhləvinin uzun illərdir ölkədə yaşamamasını qeyd edərək onun rəhbərlik imkanlarına şübhə ilə yanaşdığını bildirib.

Reza Pəhləvi 1979-cu ildə baş verən İran İslam inqilabından sonra ölkədən ayrılıb və o vaxtdan bəri sürgündə yaşayır. Onun atası Məhəmməd Rza Pəhləvi həmin inqilab nəticəsində hakimiyyətdən devrilmişdi.

Son illərdə İran müxalifəti arasında ölkədə mümkün siyasi keçid ssenariləri və gələcək idarəetmə modeli ilə bağlı müxtəlif təşəbbüslər müzakirə olunur.

Mövzuya görə xəbərlər