BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın Baş naziri Nəvaf Salam İsrailin ölkənin cənubunda həyata keçirdiyi əməliyyatlarla bağlı sərt bəyanatla çıxış edib.
TurkicWorld xəbər verir ki, Livanın Baş naziri Nəvaf Salam hökumət sarayında keçirdiyi çıxış zamanı İsrailin Livandakı hərbi əməliyyatlarını tənqid edib.
Baş nazir bildirib ki, son hadisələr təkcə İsrailin hərbi fəaliyyətinin genişlənməsini deyil, həm də sistemli dağıntı siyasətinin tətbiq olunduğunu göstərir.
Onun sözlərinə görə, İsrail müəyyən obyektləri deyil, daha geniş əraziləri hədəfə alır və bunun nəticəsində yaşayış məntəqələri, infrastruktur və tarixi irs zərər görür.
Nəvaf Salam vurğulayıb ki, baş verənlər Livanın suverenliyinin pozulması ilə yanaşı, ölkənin tarixi yaddaşına və irsinə qarşı yönəlmiş addımlar kimi qiymətləndirilə bilər.
Baş nazir davam edən danışıqlara da toxunaraq bildirib ki, atəşkəsə nail olmaq üçün diplomatik fəaliyyət daha da gücləndirilməlidir.
O qeyd edib ki, müharibə və sülhlə bağlı qərarlar yalnız Livanın milli qərarı olmalıdır və bu məsələ dövlətin səlahiyyətləri çərçivəsində həll edilməlidir.
Nəvaf Salam İsrailin quru əməliyyatları nəticəsində evlərini tərk edən cənub sakinlərinə də müraciət edib.
Baş nazir bildirib ki, onların yaşadığı ağrı və çətinliklər bütün Livan xalqının ağrısıdır və dövlət onların problemlərinin həlli üçün bütün imkanlarını səfərbər edəcək.
O əlavə edib ki, hökumət atəşkəsin əldə olunması, məhbusların geri qaytarılması və dağıdılmış bölgələrin yenidən qurulması istiqamətində fəaliyyətini davam etdirəcək.







