Son dəqiqə

İran ABŞ Enerji qiymətləri yanacaq qiymətləri İqtisadiyyat enerji bazarı Moody’s Analytics Mark Zandi İstehlakçılar Nəqliyyat xərcləri

ABŞ-İsrailin İranla müharibəsi amerikalılara təxminən 60 milyard dollara başa gəlib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranla bağlı münaqişənin iqtisadi nəticələrinin ABŞ vətəndaşlarının gündəlik xərclərinə ciddi təsir göstərdiyi bildirilir.

TurkicWorld xəbər verir ki, "Moody’s Analytics" tərəfindən hazırlanan yeni təhlildə İranla bağlı münaqişənin ABŞ iqtisadiyyatına təsiri qiymətləndirilib.

Hesabata görə, münaqişənin başlanmasından sonra ABŞ-da yanacaq və nəqliyyat xərclərinin artması istehlakçılar üçün əlavə maliyyə yükü formalaşdırıb.

Araşdırmada qeyd olunur ki, orta hesabla hər bir ABŞ ailəsi son üç ay ərzində yanacaq və nəqliyyatla bağlı əlavə 447 dollar 19 sent xərc çəkməli olub.

Məlumatlara əsasən, bu artım əsasən benzinin bahalaşması və hava nəqliyyatı qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilir.

Təhlil göstərir ki, son üç ay ərzində amerikalı istehlakçıların ümumi əlavə xərcləri təxminən 60 milyard dollara yaxınlaşıb.

"Moody’s Analytics"in baş iqtisadçısı Mark Zandi bildirib ki, münaqişənin yaxın vaxtlarda başa çatmaması istehlakçıların davranışına mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, maliyyə təzyiqi altında olan ailələr xərclərini azaltmağa məcbur qalacaq ki, bu da onsuz da zəif artım nümayiş etdirən iqtisadiyyata əlavə təzyiq yaradacaq.

Hesabatda qeyd olunur ki, enerji qiymətləri indiki səviyyədə qalarsa, münaqişənin birinci ildönümünə qədər orta hesabla hər bir ailənin əlavə xərcləri 2 min dollara yaxınlaşa bilər.

Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdəki münaqişənin təsirləri artıq yalnız regionla məhdudlaşmır və qlobal enerji bazarları vasitəsilə dünyanın müxtəlif ölkələrində istehlakçıların gündəlik həyatına təsir göstərir.

Mövzuya görə xəbərlər