Bakı, TurkicWorld
Azərbaycan COP29-da fermerlər üçün "Harmonia" adlı təşəbbüsünü təqdim edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.
"Biz COP29 Konfransında fermerlər üçün Bakı İqlim Təşəbbüsü olan "Harmonia"nı təqdim edəcəyik. Bu təşəbbüs iqlim dəyişikliyi şəraitində fermerləri, kəndləri və icmaları dəstəkləməyə yönəlmiş müxtəlif layihələri birləşdirəcək. O, həmçinin bu icmalara maliyyələşdirmə və digər yardımların alınması ilə bağlı tövsiyələr hazırlamağa imkan verəcək", -o, vurğulayıb.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək.