Son dəqiqə

Elnur Soltanov COP29

50-dən çox ölkə başçısının COP29-da iştirakı təsdiqlənib - Elnur Soltanov

Bakı, TurkicWorld

COP29-da ümumilikdə 80 minə yaxın qonağı və bir gündə təxminən 40 min qonağı qəbul etməyə hazırlaşan Azərbaycan bir vaxtlar münaqişədə olduğu Ermənistana, o cümlədən, bütün ölkələrə, dəvət göndərib. 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəklərini təsdiqləsə də, bu sayın artacağı gözlənilir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş katibi Elnur Soltanov Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

O bildirib ki, COP29-da milli, regional və qlobal səviyyəli məsələlər müzakirə olunacaq və əsas mövzu iqlim maliyyəsi olacaq.

E.Soltanov inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə daha çox yardım göstərilməsinin COP29-un əsas gündəmlərindən biri olacağını bildirib.

"Dünyanın istixana qazı emissiyalarının təxminən 4 faizi Afrika qitəsinin payına düşür. Bununla belə, iqlim dəyişikliyindən ən çox təsirlənən qitə Afrikadır.

İstixana qazları emissiyalarını azaltmaq və iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi verilməlidir. Hazırda 100 milyard dollar civarında olan iqlim maliyyələşməsini artırmaq üçün ciddi danışıqlar aparılır. COP29-da bununla bağlı qərar qəbul ediləcəyinə ümid edirik", - deyə E. Soltanov qeyd edib.

Mövzuya görə xəbərlər