Bakı,TurkicWorld
Türkiyəyə gələn Birbaşa Xarici İnvestisiyalar (BXİ) büdcə kəsiri üçün istifadə edilməklə yanaşı həm də beynəlxalq sərmayə ilə qurulan şirkətlərin Türkiyədə həyata keçirdiyi fəaliyyətlər sayəsində iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verirlər.
TurkicWorld xəbər verir ki, bu haqda Türkiye Cumhurbaşkanlığı Yatırım Ofisi tərəfindən ölkənin BXİ siyasətinin ümumi çərçivəsini çəkmək və bu sahədəki fəaliyyətlərə rəhbərlik etməsi üçün nəşr eilmiş “Türkiye UDY Stratejisi (2024-2028)” hesabatında məlumat verilir.
Hesabta görə, Türkiyə son 20 ildə həyata keçirdiyi islahatlar, sahib olduğu iqtisadi və siyasi sabitliyi, gənc və dinamik əhali strukturu, geostrateji mövqeyi kimi bir çox amillər sayəsində bu sahədə böyük irəlləyiş əldə edib.
Strategiyaya görə, 1973-2002-ci illərdə cəmi 15 milyard dollar sərmayə cəlb edə bilən Türkiyə 2002-2023-cü illərdə 262 milyard dollar investisiya cəlb edib. Son 20 ildə Türkiyənin birbaşa xarici investisiyalardakı payı 0,2 faizdən 0,9 faizə yüksəlib.
Bu dövrdə Türkiyədə fəaliyyət göstərən beynəlxalq sərmayəli şirkətlərin sayı beş min 600-dən 82 min 700-ə yüksələrkən, ölkəyə cəlb edilən birbaşa investisiyalar cari əməliyyatlar balansına (mal və xidmətlərin ixrac və idxalının fərqi) orta hesabla 40 faiz töhfə verib.
Bundan əlavə, strategiyada qeyd edilir ki, son illərdə texnoloji təşəbbüslərə (startuplara) qoyulan investisiyalar da BXİ axınlarında mühüm yer tutmağa başlayıb.
Strategiyada yer alan məlumata görə, erkən mərhələ investisiyalara 2010-2020-ci illərdə hər il orta hesabla 104 əməliyyatla 74 milyon dollar investisiya alan Türkiyənin startap ekosistemi, 2021-2023-cü illərdə 1,33 dollarlıq investisiya ilə zirvələrə çataraq illik orta hesabla 338 əməliyyat həyata keçirib.
Türkiyədə unicorn səviyyəsinə çatan startapların sayının beşə, decacorn səviyyəyə çatan startapların sayının isə ikiyə çatdığı da bildirilib.
BXİ-nin Türkiyə iqtisadiyyatına töhfəsini də ehtiva edən strategiyada, beynəlxalq sərmayəli şirkətlərinin qeydiyyatda olan işçi sayı 2006-cı ildə 500 min nəfər olduğu halda, 2021-ci ildə bir milyon 320 minə çatdığı qeyd edilib.
Bu şirkətlərin Türkiyədə ümumi qeydiyyatda olan məşğulluqdakı payı 2006-cı ildəki 7,6 faizdən 2021-ci ildə 8,8 faizə yüksəlib.
Türkiyə BXİ Strategiyasında verilən məlumata görə, 2006-2021-ci illər ərzində Türkiyənin ümumi ixracatının təxminən 31 faizi beynəlxalq sərmayəli şirkətlər tərəfindən həyata keçirilib. Bu şirkətlərin ixracı 2006-cı ildəki 25 milyard dollar ikən, 2021-ci ildə 63 milyard dolları keçib.
Sözügedən dövrdə beynəlxalq sərmayəli şirkətlər tərəfindən həyata keçirilən ixracın 61 faizi orta-yüksək və yüksək texnologiyalı məhsullardan ibarət olub ki, bu Türkiyə ortalamasından daha yüksəkdir.
Strategiyaya əsasən, bu dövrdə beynəlxalq kapitallı şirkətlər ümumi tədarüklərinin 71,8 faizini Türkiyədən həyata keçiriblər.