Bakı,TurkicWorld
Bu ilin ilk yarısı üzrə Türkiyənin idxalında müvafiq olaraq Rusiya, Çin, Almaniya, İtaliya və ABŞ ilk yerləri tutur.
Bu barədə TurkicWorld-a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Türkiyəyə daxil olan malların ölkələr üzrə statistikasına nəzərə salsaq, yanvar-iyun dövründə idxalda birinci yeri Rusiya tutub. Belə ki, iyun ayında bu ölkədən idxal edilən malların ümumi dəyəri 22 milyard 41 milyon dollar təşkil edib. Rusiyanı müvafiq olaraq 21 milyard 281 milyon dollarla Çin, 12 milyard 765 milyon dollarla Almaniya, 9 milyard 675 milyon dollarla İtaliya, 8 milyard 135 milyon dollarla ABŞ təqib edir.
İlk beş ölkədən həyata keçirilən idxal ölkə üzrə ümumi idxalın 43,8%-ni təşkil edib.
Onu da əlavə edək ki, iyun ayı üzrə 3 milyard 394 milyon dollar dəyərindəki idxal ilə Çin birinci sırada gəlir.
Qeyd edək ki, bu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyar 969 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyun ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,3 faiz azalaraq 19 milyard 49 milyon dollar, idxalı isə 4,4 faiz azalaraq 24 milyard 920 milyon dollar olub.
“Bu ilin yanvar- iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 295 milyard 147 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar- iyun ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 126 milyard 278 milyon dollara, idxalı isə 8,4 faiz azalaraq 168 milyard 869 milyon dollara çatıb.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.