Şuşa, TurkicWorld
COP29-la bağlı mütləq kollektiv fəaliyyət göstərməliyik. Çünki bizim bir vahid atmosferimiz var. Yaşıl dünya üçün həmrəy olmalıyıq. Ya hamı birgə fəaliyyət göstərməlidir, ya da uğursuzluğa uğrayacağıq.
TurkicWorld -in məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində "Yaşıl dünya naminə həmrəylik - COP29" mövzusunda təqdimat zamanı deyib.
O qeyd edib ki, COP 29 çərçivəsində əsas məsələlərdən biri necə maliyyə yarada bilərik məsələsidir.
"Maliyyələşdirmə ilə bağlı yeni model müəyyənləşdirməliyik. İnanırıq ki, COP29 çox gözəl bir fürsət olacaq və biz əlimizdən gələni edirik. Biz Azərbaycan olaraq şəffaf bir mühit yaradacağıq ki, müxtəlif tərəflər bir araya gəlib müzakirələr aparsınlar. Biz 13 fəaliyyəti icra etmişik. Noyabrın 11-ə kimi biz məsələləri bitirməliyik və müəyyən texniki məsələləri yoluna qoymalıyıq. Danışıqlarda biz konsensusa malik olmalıyıq.
Biz COP29-a 14 gündəlik daxil etmişik. Biz Azərbaycan olaraq yaşıl dəhlizlərin yaradılması, saxlanma anbarlarını yaradılması, su çatışmazlığı məsələlərini vacib hesab edirik. Bu gün su çatışmamazlığı var, quraqlıqlar baş verir. Bu baxımdan su məsələsi çox vacibdir və ona görə də bu məsələ ilə də məşğul olmalıyıq. Biz həm milli, həm regional, həm də qlobal səviyyədə aktual olan mövzuları seçmişik.
İnkişaf etməkdə olan ölkələrdə inkişaf etmiş ölkələr arasında əməkdaşlıq olmasa krizis olar. İqlim dəyişikliyi bütün ölkələrə təsir edir. Biz milli öhdəliklərə sadiq olmalıyıq çünki bunların hər biri önəmlidir", - deyə o əlavə edib.