Son dəqiqə

Xarici İşlər Nazirliyi Ceyhun Bayramov

COP29 Azərbaycan və Pakistan arasında "təmiz" enerji sahəsində əməkdaşlıq üçün əlavə imkanlar yaradacaq - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

COP29 Azərbaycan və Pakistan arasında "təmiz" enerji sahəsində əməkdaşlıq üçün əlavə imkanlar yaradacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla mətbuat konfransında deyib.

"İnanırıq ki, bu ilin sonunda İslamabadda keçiriləcək Azərbaycan-Pakistan birgə hökumətlərarası komissiyanın 8-ci iclası iqtisadi əməkdaşlığa əlavə təkan verəcək. Bundan başqa, Pakistanın biznes nümayəndələrini Azərbaycan ərazisi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanından keçən beynəlxalq tranzit dəhlizlərinin verdiyi imkanları nəzərdən keçirməyə dəvət edirik. Pakistanlı tərəfdaşlarımız Ələt Azad İqtisadi Zonasının təklif etdiyi əlverişli şərait və imtiyazlardan yararlana bilər", - o deyib.

Bundan başqa, nazir qeyd edib ki, iki ölkə arasında birbaşa aviaəlaqə turizmin və insanlar arasında təmasların genişlənməsinə imkan yaradacaq.

"Hazırda Bakıdan İslamabad, Lahor və Kəraçiyə həftədə altı reys həyata keçirilir. Ötən il Azərbaycanı ziyarət edən pakistanlı turistlərin sayı 55 min nəfərə çatıb. 2024-cü ilin ilk dörd ayında onların sayı 20 min nəfərə yaxınlaşacaq. 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi həmçinin "təmiz" enerji və "yaşıl" keçidlə əlaqəli sahələrdə əməkdaşlığımız üçün əlavə imkanlar yaradacaq", - deyə nazir əlavə edib.

Mövzuya görə xəbərlər