Son dəqiqə

Ceyhun Bayramov Hakan Fidan

Ceyhun Bayramov və Hakan Fidan Şuşa Bəyannaməsinin konkret nəticələrə yol açdığını vurğulayıblar

Bakı. TurkicWorld

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirilən görüşdə, iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər aspektləri, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Xarici İşlər Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluğa əsaslanan strateji müttəfiqliyin inkişafında iki ölkə liderləri arasında mövcud olan siyasi dialoq və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Şuşa Bəyannaməsinin artıq bir çox sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafında konkret nəticələr verdiyi məmnuniyyətlə qeyd edilib.

Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə yaradılan Türkiyə-Azərbaycan Universitetinə bu il tələbə qəbulunun həyata keçirildiyi və yüksək balla qəbul olan tələbələrin olması təqdir edilib. Universitetə olan böyük marağın təhsil sahəsində əlavə stimullar yaradacağı vurğulanıb.

İkitərəfli əməkdaşlığın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional və beynəlxalq təşkilatlarla yanaşı, müxtəlif çoxtərəfli formatlarda davam etdirildiyi qeyd edilib. Xüsusilə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın inkişafına xüsusi önəm verildiyi bildirilib. Eyni zamanda, üçtərəfli və dördtərəfli formatlarda əməkdaşlığın regional sabitlik və təhlükəsizliyə ciddi töhfələr verdiyi vurğulanıb.

Ceyhun Bayramov, həmçinin, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Görüş zamanı, postmünaqişə dövründə bölgədəki vəziyyət və regional sülhün normallaşma prosesinə təhdidlər barədə də fikir mübadiləsi aparılıb. Ermənistanın konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə davam edən iddiaların, eləcə də Ermənistanın hərbiləşmə siyasətinin sülh prosesinə əsas maneələr olduğu diqqətə çatdırılıb.

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək, eləcə də Qarabağ bölgəsində davam edən yenidənqurma və bərpa işlərində aktiv iştirakı yüksək qiymətləndirilib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə edilib.

Mövzuya görə xəbərlər