Bakı. TurkicWorld:
"Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqları istismara veriləndən 01 oktyabr 2023-cü il tarixinədək 623,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, AÇG-dən 580,4 milyon ton neft, "Şahdəniz"dən isə 43,5 milyon tona yaxın kondensat çıxarılıb.
"Bundan 01 oktyabr 2023-cü il tarixinədək 622 milyon tonu ixraca nəql edilib", - məlumatda qeyd olunur.
Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə ölkədə 22,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 13,5 milyon tonu AÇG-nin, 3,3 milyon tonu (kondensat) "Şahdəniz"in, 140 min tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.
Hesabat dövründə 19 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,7 milyon tonu konsorsiumun, 2,3 milyon tonu isə SOCAR-ın payına düşür.