BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin xarici işlər naziri Yaxın Şərqdə artan hərbi gərginliklə bağlı narahatlığını ifadə edib.
TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman ilə Ankarada keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında İran, ABŞ və İsrail arasında davam edən hərbi qarşıdurma barədə açıqlama verib.
Nazir bildirib ki, regionda davam edən müharibə mümkün qədər tez dayandırılmalıdır. Onun sözlərinə görə, münaqişənin daha geniş coğrafiyaya yayılması Yaxın Şərqdə yeni təhlükəsizlik böhranı yarada bilər.
Hakan Fidan qeyd edib ki, Türkiyə regionda sabitliyin qorunmasına xüsusi önəm verir və milli təhlükəsizlik məsələlərində heç bir güzəştə getməyəcək.
O həmçinin vurğulayıb ki, Yaxın Şərqdə davam edən hərbi eskalasiya regionu yeni qeyri-sabitlik mərhələsinə sürükləyə bilər.
Türkiyə tərəfi münaqişənin diplomatik yollarla həllinin vacibliyini qeyd edərək beynəlxalq ictimaiyyəti gərginliyin azaldılması istiqamətində daha fəal addımlar atmağa çağırıb.







