Bakı. TurkicWorld:
Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi dayanıqlılığın təmin edilməsinə imkan yaradacaq.
TurkicWorld çərşənbə günü xəbər verir ki, bu barədə TAP-ın nümayəndəsi İoannis Maris deyib.
"TAP-ın genişləndirilməsi enerji trilemmasının elementlərindən biri olan dayanıqlılığın təmin olunmasına kömək edə bilər, belə ki, gələcəkdə boru kəməri ilə hidrogen və digər bərpa olunan qazların yeni həcmlərini nəql etmək mümkün olacaq", - deyə TAP nümayəndəsi 12-ci Afina Enerji Sammitində panel müzakirəsində bildirib.
Qeyd edək ki, hazırda davam edən bazar sınağı çərçivəsində məcburi təkliflərin təqdim olunmasının birinci mərhələsindən sonra TAP konsorsiumu 2026-cı ildən başlayaraq ildə əlavə 1,2 milyard kubmetr təklif etməklə genişləndirmənin birinci mərhələsini başladıb. TAP-ın imkanlarının genişləndirilməsi prosesi sınaqları açıq, şəffaf və qeyri-diskriminativ formada keçirilən bazar sınaqları çərçivəsində baş verir. İkinci məcburi mərhələ 2023-cü ildə maraqlı operatorlar əlavə təkliflər verə biləcəkləri vaxt keçiriləcək. TAP-ın ötürücülük imkanları yeni borular çəkmədən, mərhələli şəkildə ildə 20 milyard kubmetrədək genişləndirilə bilər.
Hidrogen və digər bərpa olunan qazların yeni həcmlərini həmçinin TAP vasitəsilə nəql etməklə uzunmüddətli dayanıqlılığa imkan yaratmaq mümkündür.