Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası yaradılır - Baş katib

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası yaradılır - Baş katib

Bakı. TurkicWorld:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) Assosiasiyası və Sinqapur birlikdə TBNM dəhlizinin rəqəmsallaşması konsepsiyasını yaradacaqlar.

Bu barədə TurkicWorld-a TBNM Assosiasiyasının baş katibi Haydar Abdikerimov deyib.

Onun sözlərinə görə, hazırda dəhlizin detalizasiyası üzrə işlər görülür və 2023-cü ilin iyunundan dəhlizə qoşulacaq ölkələr (Sinqapur, Bolqarıstan və Litva) burada iştirak edəcəklər.

"TBNM-in rəqəmsallaşması üzrə işlər Sinqapurun aparıcı şirkətləri ilə həyata keçiriləcək. Hesab edirik ki, bu konsepsiya iştirakçılar arasında məlumat mübadiləsinin yaxşılaşmasına, həmçinin sərhəd keçidlərinin sürətləndirilməsinə səbəb olacaq", - o deyib.

Sərhəd keçidlərinin sadələşdirilməsindən danışan Abdıkerimov bildirib ki, Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) və BMT-nin struktur bölmələri ilə işlər aparılır.

"BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) təqdim etdiyi sadələşdirmə, rəqəmsallaşma və ticarət üzrə standart və tövsiyələri dəhlizimizdə tətbiq edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, yaxın beş il ərzində TBNM-in infrastrukturuna və proseslərinin effektivliyinin artırılmasına beş milyard avroya yaxın investisiya qoyulacaq. Marşrut Mərkəzi Asiya istehsalçılarının Türkiyə, Şimali Afrika və Cənubi Avropa ölkələri istiqamətindəki dünya bazarları ilə inteqrasiyasında mühüm rol oynayır.

Marşrutun məqsədi Çin, Qazaxıstan kimi ölkələrin ərazisindən, Xəzər dənizi ilə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Rumıniya ərazisindən yük tranzitinin təmin olunmasından ibarətdir.