Son dəqiqə

Azərbaycan Çin

Azərbaycanla Çin birgə investisiya fondunun yaradılmasını nəzərdən keçirilər

BAKI,TurkicWorld

Azərbaycan İnvestisiya Holdinqi və Çinin İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması imkanları nəzərdən keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

“İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Xinbo ilə görüşdə Azərbaycanla Çinin iqtisadi əlaqələrinin şaxələndirilməsi istiqamətində təşəbbüsləri müzakirə etdik.

Azərbaycan İnvestisiya Holdinqi və İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması, potensial investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşmə mexanizmlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2025-ci ildə Azərbaycanın Çinə birbaşa investisiyalarının həcmi 9,957 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə 7,2 milyon dollar və ya 3,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycandan birbaşa xarici investisiyaların ümumi həcmində Çinə reallaşan investisiyaların payı 0,4% təşkil edib.

Çin isə öz növbəsində 2025-ci il ərzində Azərbaycan iqtisadiyyatına 26,895 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 9,3 milyon dollar və ya 1,5 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Çindən Azərbaycana yatırılan investisiyaların xüsusi çəkisi 0,4% təşkil edib.

2024-cü il ərzində Çindən Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 17,6 milyon dollar, əks istiqamətdə isə 2,8 milyon dollara bərabər olub.

Mövzuya görə xəbərlər