BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatı sentyabrın 21-dən 23-dək Dohada Korrupsiyaya Qarşı Mübarizə üzrə Ərəb Konvensiyasına Tərəf Dövlətlərin Konfransının VI sessiyasının keçiriləcəyini açıqlayıb. Üç günlük tədbir ərəb ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə, şəffaflığın artırılmasına və korrupsiyaya qarşı praktiki tədbirlərin hazırlanmasına yönələcək.
TurkicWorld xəbər verir ki, konfransa Qətərin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Həməd bin Nasir əl-Misnəd rəhbərlik edəcək. Təşkilatın sözçüsü Əbdülvahab əl-Kuvari tədbirin korrupsiyanın qarşısının alınması və onunla mübarizədə birgə ərəb əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Əl-Kuvarinin sözlərinə görə, VI sessiyanın Dohada keçirilməsi ərəb ölkələrinin bu sahədə birgə səylərinin inkişafında mühüm mərhələdir. Konfrans dürüstlük və şəffaflıq prinsiplərinin gücləndirilməsi, qanunun aliliyinin təmin olunması, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edəcək.
Sessiyada korrupsiyaya qarşı mübarizə üzrə kadr potensialının artırılması, qanunsuz əldə edilmiş aktivlərin geri qaytarılması, təcrübə mübadiləsi və Ərəb Konvensiyasının icrasına nəzarət mexanizmlərinin inkişaf etdirilməsi müzakirə olunacaq.
Konfrans çərçivəsində müasir çağırışlara həsr olunan ayrıca forum da təşkil ediləcək. Burada davranış qaydalarının dövlət sektorunda dürüstlüyün gücləndirilməsinə təsiri, süni intelleqin korrupsiyanın qarşısının alınmasında rolu, həmçinin parlamentlər və korrupsiyaya qarşı mübarizə qurumları arasında əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.
Əl-Kuvari bildirib ki, maliyyə və hüquqi əməliyyatların getdikcə mürəkkəbləşməsi, qanunsuz gəlirlərin gizlədilməsi üsullarının dəyişməsi, eləcə də pul və məlumatların sərhədlərarası hərəkətinin sürətlənməsi ərəb ölkələri arasında daha sıx əməkdaşlığı zəruri edir.
VI sessiyanın əvvəlki beş toplantının nəticələri üzərində qurulacağı, lakin bu dəfə ümumi prinsiplərdən praktiki icraya və əldə olunan nəticələrin qiymətləndirilməsinə keçidə daha çox diqqət yetiriləcəyi bildirilib.
Gündəlikdə V sessiyanın qərarlarının icrası, Konvensiyanın həyata keçirilməsinə məsul yardımçı qrupların tövsiyələri və üzv dövlətlərin irəliləyişinin qiymətləndirilməsi üçün yeni nəzarət mexanizminin hazırlanması da yer alır.
Təklif olunan layihələr arasında maliyyə korrupsiyası cinayətləri üzrə paralel maliyyə araşdırmalarına dair vahid ərəb təlimatının hazırlanması, qarşılıqlı hüquqi yardım müraciətlərinə cavabların sürətləndirilməsi və şirkətlərin faktiki sahibləri barədə şəffaflığın artırılması nəzərdə tutulur.
Konfransın yekununda qərarlar, tövsiyələr və yekun bəyanat qəbul ediləcək. Onların icrasının sonrakı toplantılarda mütəmadi qiymətləndirilməsi planlaşdırılır.







