Son dəqiqə

Türkiyə İran ABŞ Skott Bessent Sanksiyalar ABŞ Maliyyə Nazirliyi

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Maliyyə Nazirliyi İran üzərində iqtisadi təzyiqi artırmaq məqsədi daşıyan yeni sanksiyalar çərçivəsində Türkiyədə fəaliyyət göstərən üç maliyyə qurumuna qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Vaşinqton bu qurumları İranla əlaqəli maliyyə əməliyyatlarında iştirakda ittiham edib.

TurkicWorld xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə yerləşən “Golden Global Yatırım Bankası Anonim Şirketi” və onun törəmə qurumlarına qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Nazirliyin iddiasına görə, “Golden Global Bank” və onun törəmə şirkətləri İran İnqilab Keşikçiləri Korpusunun “Qüds Qüvvələri” ilə əlaqəli on milyonlarla dollarlıq maliyyə əməliyyatlarının həyata keçirilməsinə kömək edib.

ABŞ tərəfi bildirib ki, sözügedən bank İran hökumətinə beynəlxalq maliyyə sistemindən istifadə etməyə və vəsaitlərin xaricə köçürülməsinə imkan yaradıb.

Maliyyə Nazirliyinin açıqlamasında bankın İranın neft gəlirlərinin Çindən Türkiyəyə köçürülməsi, daha sonra isə nağd pul və qızıla çevrilməsi üçün istifadə olunan gizli maliyyə şəbəkəsinə xidmət etdiyi iddia olunub.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İran hökumətini dəstəkləyən maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq etməkdə qərarlıdır.

O, ABŞ-nin İranla əlaqəli maliyyə kanallarının qarşısını almaq üçün təzyiq siyasətini davam etdirəcəyini qeyd edib.

Yeni sanksiyalar ABŞ administrasiyasının Tehran üzərində iqtisadi təzyiq mexanizmlərini genişləndirmək siyasətinin tərkib hissəsi kimi təqdim olunur.

Mövzuya görə xəbərlər