BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-nin ötən gecə İranın cənub və qərb bölgələrinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb. İran mətbuatının məlumatına görə, həlak olanlar arasında mülki şəxslərlə yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun və Bəsic qüvvələrinin üzvləri də var.
TurkicWorld xəbər verir ki, İran mənbələrinin məlumatına əsasən, Xuzistan vilayətinə endirilən zərbələr nəticəsində yeddi nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Hücumların Əhvaz və Ağacari şəhərlərinin ətrafındakı əraziləri hədəfə aldığı bildirilir.
Hörmüzqan vilayətinin Sirik bölgəsində yerləşən Kuhestək yaşayış məntəqəsində toy mərasiminin keçirildiyi yerə endirilən zərbə nəticəsində azı dörd nəfərin öldüyü bildirilir. İran hakimiyyətinin məlumatına görə, ölənlər arasında azyaşlı uşaq da var, 68 nəfər isə yaralanıb.
Kirmanşah vilayətinə endirilən zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin dörd üzvünün öldüyü açıqlanıb.
İranın cənubundakı Lavan adasında həyata keçirilən hücumda isə Bəsic qüvvələrinin üç üzvü həlak olub. Hücum nəticəsində daha bir neçə nəfərin yaralandığı bildirilir.
İran mətbuatının ümumi hesablamasına görə, ABŞ-nin son hücumlarında ölənlərin sayı 19-a yüksəlib. Məlumata əsasən, Cəhrom şəhərində də bir nəfər həlak olub.
ABŞ Mərkəzi Komandanlığı son hücumlarda İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid hava hücumundan müdafiə sistemlərinin, radar qurğularının, dəniz imkanlarının, mina yerləşdirmə vasitələrinin və rabitə məntəqələrinin hədəfə alındığını bildirib.







