BAKI,TurkicWorld
İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) iqtisadi perspektivin reallaşması üçün üç aydın təklif irəli sürür.
İran Prezident Aparatının informasiya portalının məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Qırğızıstan paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı bildirib.
"Birinci təklif üzv ölkələr arasında ödənişlərin milli valyutalardan daha geniş şəkildə istifadə olunmasına dair maliyyə və bank əməkdaşlığının möhkəmləndirilməsidir. Birgə şəkildə ödəniş mexanizmlərinin yaradılması və maliyyə təminatı sonda Şanxay Əməkdaşlıq Təşkilatı Bankının yaradılması ilə nəticələnəcək. Bu da üzv ölkəlkərin iqtisadi əməkdaşlıq potensialının artması, ticarət zəncirində maneələrin azalması üçün effektiv addımdır", -deyə o qeyd edib.
İran Prezidenti əlavə edib ki, ikinci təklif Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ixrac və investisiya sığorta birliyinin yaradılması məqsədilə ticarət və investisiyaya dəstək qurumlarının inkişaf etdirilməsidir. Ümid olunur ki, bu təklif üzv ölkələrin həmrəyliyi ilə arzulanan nəticəyə çatacaq.
Pezeşkian deyib ki, üzv ölkələrin müxtəlif enerji məhsullarının istehsalı və istehlakında yüksək potensialını nəzərə alaraq enerji təhlükəsizliyinin möhkəmləndirilməsi İranın irəli sürdüyü üçüncü təklifdir. Şanxay Əməkdaşlıq Təşkilatı Enerji Konsorsiumunun yaradılması təşkilata üzv ölkələrin yerləşdiyi böyük coğrafiyada enerji istehsalı, daşınması və istehlakında stabil örnək olaraq üzv ölkələr üçün müsbət nəticələrə və təşkilatın dünyanın enerji bazarındakı mövqeyinin möhkəmlənməsi ilə nəticələnə bilər.
Pezeşkianın sözlərinə görə, ötən illərin təcrübəsi açıq-aydın göstərir ki, təhlükəsizlik və inkişaf bir-birindən ayrı ola bilməz. Şanxay Əməkdaşlıq təşkilatı həm təhlükəsizlik, həm də iqtisadi aspektlərdə effektiv rola sahib ola bilər. Təşkilat daxili ticarətin inkişafı, gömrük fəaliyyətlərinin sadələşdirilməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, limanlar və logistika mərkəzlərinin birləşdirilməsi, tranzit imkanlarının artırılması, təminat şəbəkələrinin möhkəmləndirilməsi hiss olunacaq əməkdaşlığa nail ola bilər.







