BAKI,TurkicWorld,Yusif Şərifzadə
Hindistanın Baş naziri Narendra Modi İran Prezidenti Məsud Pezeşkianla görüşdən sonra ölkəsinin İranla uzunmüddətli dostluq münasibətlərini müxtəlif sahələrdə daha da gücləndirmək niyyətində olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Modi bu açıqlamanı Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Pezeşkianla görüşündən sonra yayımladığı paylaşımda qeyd edib.
Hindistan Baş naziri bildirib ki, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və istiqamətlərinin şaxələndirilməsi məsələsi müzakirə olunub.
“Biz qarşıdakı dövrdə ticarət imkanlarımızı genişləndirmək və şaxələndirmək istəyirik. Bölgədə mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Hindistan davamlı sülhün təmin olunmasına yönəlmiş bütün səyləri dəstəkləməyə davam edəcək”, – Modi bildirib.
Görüş zamanı regional vəziyyət və Yaxın Şərqdə təhlükəsizlik məsələləri də müzakirə olunub. Hindistan tərəfi bölgədə sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinin vacibliyini vurğulayıb.
Modi və Pezeşkianın görüşü ABŞ Prezidenti Donald Trampın İrana “iqtisadi yardım xətti” yaradan ölkələrin ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlığından bir həftədən çox sonra baş tutub.
Hindistan və İran arasında əsas əməkdaşlıq sahələrindən biri Çabahar limanı layihəsidir. Bu layihə Hindistan üçün İran üzərindən regional ticarət əlaqələrinin inkişafında mühüm əhəmiyyət daşıyır.






