BAKI,TurkicWorld Orxan Qədirzadə
Yunanıstan və İsrail arasında 3,1 milyard avro dəyərində hava müdafiə sistemi layihəsi üzrə yekun sazişin imzalanacağı bildirilir. “Aşil qalxanı” adlandırılan layihə çərçivəsində Yunanıstan İsrail istehsalı bir sıra hava müdafiə sistemləri əldə edəcək.
“Kathimerini” qəzetinin məlumatına görə, saziş bazar ertəsi İsraildə imzalanacaq və layihənin 35 ay ərzində başa çatdırılması planlaşdırılır.
Layihənin ümumi dəyərinin 3,1 milyard avro olacağı, bunun 700 milyon avroluq hissəsinin isə Yunanıstan şirkətləri tərəfindən həyata keçiriləcəyi gözlənilir.
Proqram çərçivəsində İsrail istehsalı “Spyder”, “Barak MX” və “David’s Sling” hava müdafiə sistemlərinin alınması nəzərdə tutulur. Yeni sistemlərin Yunanıstanın mövcud “Patriot” kompleksləri və pilotsuz uçuş aparatları ilə inteqrasiyası planlaşdırılır.
Həmçinin hava məkanındakı təhdidlərin süni intellekt vasitəsilə müəyyənləşdirilməsi və bunun Yunanıstan Silahlı Qüvvələrinin xərclərini azaltması gözlənilir.






