BAKI,TurkicWorld Orxan Qədirzadə
ABŞ müdafiə sənayesi İran və Ukrayna müharibələrinin yaratdığı sursat çatışmazlığı fonunda daha ucuz və sürətli istehsal edilə bilən raketlər hazırlamağa başlayıb.
“Bloomberg”in məlumatına görə, ABŞ-ın iri müdafiə şirkətləri daha aşağı qiymətli raketlərin hazırlanması, mövcud məhsulların yenidən dizayn edilməsi və istehsal proseslərinin sürətləndirilməsi üzərində işləyir. Şirkətlər bu məqsədlə daha kiçik müdafiə firmaları ilə də əməkdaşlıq edir.
Bu dəyişikliklərə əsas səbəblərdən biri “Patriot” hava hücumundan müdafiə sisteminin raketlərinə artan tələbat və ehtiyatların azalmasıdır. Bəzi müasir “Patriot” raketlərinin qiyməti 4 milyon dollardan çoxdur.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, fevral-iyul aylarında ABŞ-ın “Patriot” raket ehtiyatlarının təxminən 65 faizi istifadə edilib. İranla müharibə başlamazdan əvvəl təxminən 2 330 raket olduğu halda, hazırda ehtiyatın 850-dən aşağı düşdüyü bildirilir.
ABŞ ehtiyatları artırmaq üçün region ölkələrinə 5 250 ədəd ələkeçirici raketin satışına razılıq verib. Bundan başqa, ABŞ ordusu ötən ay “Lockheed Martin” şirkətinə “Patriot” raketlərinin istehsalı üçün 58,6 milyard dollara qədər dəyəri olan müqavilə təqdim edib.
Vaşinqtonda əsas müzakirələrdən biri isə mövcud raket ehtiyatlarının uzunmüddətli müharibə aparmaq və eyni vaxtda dünyanın başqa bölgəsində yarana biləcək hərbi böhrana cavab vermək üçün kifayət edib-etməyəcəyi ilə bağlıdır







