Son dəqiqə

İsrail İran ABŞ Bəhreyn Patriot hava hücumundan müdafiə sistemi CENTCOM

Bəhreyn və ABŞ arasında PUA qalmaqalı: Rəsmi bəyanatlar ziddiyyət təşkil edir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Bəhreyn hökumətinin sözçüsü martın 9-da paytaxt Manamada baş vermiş insidentlə bağlı yeni təfərrüatları açıqlayıb. Rəsmi bəyanata görə, "Patriot" hava hücumundan müdafiə sistemi yaşayış məntəqəsi üzərində İranın pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu açıqlama ABŞ ordusunun (CENTCOM) həmin gün verdiyi məlumatla ciddi şəkildə fərqlənir. Martın 9-da CENTCOM sosial media hesabında Rusiya və İran mediasının "Patriot" raketinin hədəfdən yayındığı barədə xəbərlərini "yalan" adlandırmışdı. ABŞ tərəfi o vaxt bəyan etmişdi ki, əslində İran PUA-sı birbaşa yaşayış binasına çırpılıb və nəticədə aralarında uşaqlar da olmaqla 32 mülki şəxs yaralanıb.

Lakin Bəhreyn Daxili İşlər Nazirliyi də həmin tarixdə yaşayış binasına zərbə endirildiyini, bir qadının həlak olduğunu və 8 nəfərin yaralandığını təsdiqləmişdi. Bəhreyn Müdafiə Qüvvələri fevralın 28-dən bəri İrana məxsus 102 raket və 171 PUA-nın məhv edildiyini bildirir. Hazırda Bəhreyn hökuməti ilə ABŞ Mərkəzi Komandanlığının verdiyi məlumatlar arasındakı uyğunsuzluq beynəlxalq medianın diqqət mərkəzindədir. Qeyd edək ki, Bəhreyn ABŞ-ın 5-ci Donanmasına ev sahibliyi etdiyi üçün regionda strateji hədəf hesab olunur.

Mövzuya görə xəbərlər