BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Hüseyn Mohebbi ölkənin raket imkanlarının qorunub saxlanıldığını və raket istehsalının davam etdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Hüseyn Mohebbi bu barədə İranın “Tasnim” xəbər agentliyinə açıqlamasında danışıb. Onun sözlərinə görə, İranın raket ehtiyatlarının münaqişə zamanı tükənəcəyinə dair gözləntilər özünü doğrultmayıb.
“İranın raket imkanları davamlıdır və istehsal prosesi davam edir”, – SEPAH sözçüsü bildirib.
Mohebbi ABŞ-nin İrana qarşı mübarizədə əsas diqqəti hərbi müstəvidən iqtisadi təzyiqə yönəltdiyini iddia edib. Onun fikrincə, bunun səbəbi İranın malik olduğu hərbi imkanların qarşı tərəfə aydın olmasıdır.
SEPAH rəsmisi bildirib ki, ABŞ və İsrail İranla qarşıdurma zamanı süni intellekt, peyk məlumatları, pilotsuz uçuş aparatlarından əldə olunan kəşfiyyat məlumatları, radarlar və digər müasir texnologiyalardan istifadə edib.
Mohebbinin iddiasına görə, bu imkanlara baxmayaraq, İranın hərbi potensialının tam şəkildə sıradan çıxarılması mümkün olmayıb. O, hökumət, silahlı qüvvələr və əhali arasındakı həmrəyliyi də İranın əsas güc amillərindən biri kimi təqdim edib.
SEPAH sözçüsü, həmçinin İranın silah istehsalı və inkişafını dayandırmadığını bildirib. O, daha əvvəl mümkün yeni müharibədə istifadə ediləcək raketlərin döyüş başlığı, dəqiqlik və mənzil baxımından əvvəlki nümunələrdən fərqlənəcəyini iddia etmişdi.







