BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-də İsrail tərəfdarı lobbi təşkilatı AIPAC-ın siyasi nüfuzunun zəiflədiyinə dair yeni əlamətlər ortaya çıxıb. Miçiqan ştatından ABŞ Senatına Respublikaçılar Partiyasının namizədi Mayk Rocersin müttəfiqlərinin təşkilatdan onun lehinə açıq reklam kampaniyası aparmamağı istədiyi bildirilir.
TurkicWorld xəbər verir ki, “Axios”un məlumatına görə, bu tələb Qəzzadakı müharibə ilə bağlı seçicilər arasında artan narazılıq fonunda AIPAC-ın ABŞ siyasətindəki mövqeyinin zəifləməsinin diqqətçəkən göstəricilərindən biri kimi qiymətləndirilir.
Mayk Rocers İsrailə güclü dəstəyi ilə tanınan respublikaçı siyasətçi olsa da, onun tərəfdarları AIPAC-ın açıq şəkildə kampaniyaya qoşulmasının noyabrın 3-də keçiriləcək seçkilərdə namizəd üçün siyasi yükə çevrilə biləcəyindən narahatdırlar.
Məlumata görə, Rocersin tərəfdarları AIPAC-dan seçki kampaniyasına dəstək verəcəyi halda təşkilatın adını ön plana çıxarmamasını istəyiblər. Bundan sonra Rocersin komandası ilə AIPAC arasında birbaşa təmasların zəiflədiyi bildirilir.
AIPAC bundan əvvəl Miçiqanda Demokratlar Partiyasının ilkin seçkisində Əbdül Əl-Səyyedin məğlub edilməsi və onun rəqibi Heyli Stivensin dəstəklənməsi üçün 30 milyon dollardan çox vəsait xərcləmişdi. Buna baxmayaraq, Əl-Səyyed avqustun 4-də keçirilən ilkin seçkidə qalib gəlib.
Əl-Səyyed seçki kampaniyasında AIPAC-ın siyasətə və seçkilərə maliyyə təsirini əsas mövzulardan birinə çevirmişdi. O, rəqiblərinin AIPAC tərəfindən maliyyələşdirilməsini də kampaniyasının mühüm siyasi arqumentlərindən biri kimi istifadə edib.
“Axios” qeyd edir ki, AIPAC son dövrdə bir neçə diqqətçəkən seçki məğlubiyyəti ilə üzləşib. Miçiqandakı vəziyyət isə təşkilatla açıq siyasi yaxınlığın hətta İsrail tərəfdarı bəzi namizədlər tərəfindən risk kimi qiymətləndirilə biləcəyini göstərir.
Bununla belə, Rocers İsrail tərəfdarı dairələrin dəstəyindən imtina etdiyini açıqlamayıb. O, İsraili dəstəkləyən ictimaiyyətin köməyini alqışladığını bildirib. Mübahisənin əsasən AIPAC-ın seçki kampaniyasına açıq və görünən şəkildə müdaxiləsinin mümkün siyasi nəticələri ilə bağlı olduğu bildirilir.







