Son dəqiqə

ABŞ Donald Tramp Vaşinqton Mark Karni gömrük tarifləri

Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Kanadanın Baş naziri Mark Karni sentyabrın 8-dən etibarən ABŞ-dən idxal olunan müxtəlif məhsullara yeni cavab gömrük tariflərinin tətbiq ediləcəyini açıqlayıb. Ottavanın qərarı ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kanada məhsullarına tətbiq etdiyi 50 faizlik yeni tariflərə cavab xarakteri daşıyır.

TurkicWorld xəbər verir ki, Mark Karni Ottavada parlament binasında keçirdiyi mətbuat konfransında Kanadanın ABŞ-nin yeni tariflərinə eyni həcmdə cavab verəcəyini bildirib. Onun sözlərinə görə, məqsəd Kanada işçilərini, fermerlərini, ailələrini və müəssisələrini qorumaqdır.

“Kanada Vaşinqtonun yeni tariflərinə dollar qarşılığında dollar prinsipi ilə cavab verəcək”, – Karni bildirib.

ABŞ və Kanada arasında bir neçə gün davam edən intensiv danışıqlara baxmayaraq, tərəflər cümə günü ticarət razılaşması əldə edə bilməyiblər. Danışıqların nəticəsiz qalması iki qonşu və uzunmüddətli müttəfiq arasında onsuz da gərgin olan ticarət münasibətlərini daha da mürəkkəbləşdirib.

Tramp administrasiyasının yeni 50 faizlik tarifləri şərab, mebel, süd məhsulları, sement, geyim, balıqçılıq ləvazimatları və xokkey avadanlıqları da daxil olmaqla bir sıra Kanada məhsullarını əhatə edir.

Yeni tədbirlərin ABŞ bazarına ixrac edilən təxminən 20 milyard dollar dəyərində Kanada məhsuluna şamil olunduğu bildirilir. Əvvəlki tarif tədbirlərindən fərqli olaraq, yeni rüsumlarda ABŞ–Meksika–Kanada Sazişi çərçivəsində Kanada məhsulları üçün nəzərdə tutulan güzəştlərin tətbiq edilmədiyi bildirilir.

Ottavanın sentyabrın 8-dən qüvvəyə minəcək cavab tədbirləri isə ABŞ-dən gətirilən polad, süd məhsulları, məişət avadanlıqları, kənd təsərrüfatı texnikası, sellüloz-kağız məhsulları və elektron avadanlıqları əhatə edəcək.

Karni bildirib ki, cavab tədbirlərinə ABŞ-nin hazırda 232-ci və 338-ci maddələr əsasında tarif tətbiq etdiyi bəzi məhsullar da daxil ediləcək. Kanada hökuməti həmin tarifləri əsassız hesab edir.

Baş nazir Vaşinqtonun danışıqlar zamanı irəli sürdüyü şərtlərin Kanada üçün qəbuledilməz olduğunu vurğulayıb.

“Onların təklif etdiklərini qəbul edə bilmərik və istədiklərini verməyəcəyik”, – Karni bildirib.

ABŞ və Kanada arasında yeni tarif qarşıdurması Şimali Amerikada uzun illər formalaşmış sərbəst ticarət sisteminin gələcəyi ilə bağlı narahatlıqları da artırır. Mübahisənin ABŞ–Meksika–Kanada Sazişinin gələcək fəaliyyətinə təsir göstərə biləcəyi bildirilir.

Mövzuya görə xəbərlər