Son dəqiqə

Hindistan Sinqapur Panama Ocean Winner Benqal körfəzi Odişa Paradip

Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Panama bayrağı altında üzən “Ocean Winner” yük gəmisi Hindistanın şərq sahillərində, Benqal körfəzində batıb. Hadisə zamanı gəmidə 24 heyət üzvünün olduğu bildirilir. Hindistan Sahil Mühafizəsi geniş axtarış-xilasetmə əməliyyatına başlayıb.

TurkicWorld xəbər verir ki, Hindistan Sahil Mühafizəsi avqustun 22-də “Ocean Winner” gəmisi ilə rabitənin kəsildiyini, daha sonra gəminin batdığının müəyyənləşdirildiyini açıqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Gəmidə ümumilikdə 24 heyət üzvü olub. Onlardan 20-si Çin, üçü Myanma, biri isə Banqladeş vətəndaşıdır.

Hindistan Sahil Mühafizəsinin məlumatına görə, indiyədək xilasetmə sallarında olan iki nəfər sağ tapılaraq xilas edilib. Digər heyət üzvlərinin axtarışı davam etdirilir.

“Ocean Winner” Hindistanın Odişa ştatından Sinqapura dəmir filizi daşıyırdı. Gəminin Odişa sahillərindəki Paradipdən təxminən 240 dəniz mili məsafədə batdığı bildirilir.

Hadisədən sonra Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri birgə axtarış-xilasetmə əməliyyatına başlayıb. Bölgədəki digər gəmilər də itkin düşmüş heyət üzvlərinin tapılmasına kömək etməyə çağırılıb.

Hazırda gəminin hansı səbəbdən batdığı müəyyənləşdirilməyib. Səlahiyyətli qurumlar hadisənin səbəblərinin araşdırıldığını bildirirlər.

Mövzuya görə xəbərlər