BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ABŞ-nin Tehrana qarşı iqtisadi təzyiqlərinin ölkədə iqtisadi sabitliyə və əhalinin yaşayış səviyyəsinə zərər vurmasına imkan verilməyəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Məhəmməd Rza Arif bu barədə sosial şəbəkədə yaydığı açıqlamada bildirib. O, ABŞ-nin İrana qarşı iqtisadi siyasətini “iqtisadi terror” kimi xarakterizə edib.
“Amerikanın iqtisadi terrorunun ölkənin iqtisadi sabitliyini və insanların yaşayışını hədəfə almasına imkan verməyəcəyik”, – İranın birinci vitse-prezidenti bildirib.
Arifin sözlərinə görə, İran hökuməti xarici iqtisadi təzyiqlərin ölkə daxilində sabitliyə təsirini azaltmaq və əhalinin sosial-iqtisadi vəziyyətini qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.
İran rəsmisi ölkənin keçmiş təcrübəsinin iqtisadi təzyiqlərin Tehranı siyasi mövqeyindən geri çəkilməyə məcbur edə bilmədiyini göstərdiyini iddia edib.
“İslam İnqilabının təcrübəsi göstərib ki, iqtisadi təzyiq İran xalqının iradəsini dəyişdirmək iqtidarında deyil və əksinə, tamamilə fərqli nəticə yaradır”, – Arif vurğulayıb.
Açıqlama ABŞ-nin İrana qarşı iqtisadi təzyiqi daha da gücləndirməklə bağlı son təhdidləri fonunda verilib. İran rəsmiləri Vaşinqtonun yeni sanksiya tədbirlərinin ölkəni güzəştə məcbur etməyəcəyini bildirirlər.
Tehran, eyni zamanda, sanksiyaların iqtisadi təsirlərini azaltmağı və ölkə daxilində yaşayış səviyyəsinin daha da pisləşməsinin qarşısını almağı əsas vəzifələrdən biri kimi göstərir.







