BAKI,TurkicWorld,Yusif Şərifzadə
Çin ABŞ Prezidenti Donald Trampın İrana qarşı daha sərt iqtisadi təzyiq tədbirlərinin tətbiqi ilə bağlı mövqeyini tənqid edib. Pekin yeni sanksiyaların və təzyiq siyasətinin İranla bağlı mövcud problemlərin həllinə kömək etməyəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan Pekində jurnalistlərə açıqlamasında sanksiyaların tətbiqinin və təzyiq göstərilməsinin problemin həllinə xidmət etmədiyini deyib. O, tərəfləri məsuliyyətli addımlar atmağa çağırıb.
Lin Tsyan bildirib ki, Çin mövcud fikir ayrılıqlarının diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarıdır. Pekin qarşıdurmanın və iqtisadi təzyiqlərin artırılması əvəzinə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Çinin mövqeyi Trampın İrana qarşı iqtisadi təzyiqi gücləndirmək niyyətini açıqlamasından sonra səsləndirilib. ABŞ rəhbərliyi Tehranın iqtisadi imkanlarını məhdudlaşdırmaq üçün əlavə tədbirlərin görülməsini nəzərdən keçirir.
Yeni iqtisadi məhdudiyyətlərin Çinə də ciddi təsir göstərə biləcəyi bildirilir. Çin İran neftinin əsas alıcılarından biridir və Tehran üçün mühüm ixrac bazarı hesab olunur.
2025-ci ilin məlumatlarına əsasən, dəniz yolu ilə ixrac edilən İran neftinin 80 faizdən çoxunu Çin alıb. Bu səbəbdən İranın neft ixracına qarşı əlavə məhdudiyyətlərin tətbiqi Pekinin enerji tədarükünə və İranla ticarət əlaqələrinə birbaşa təsir göstərə bilər.
Pekin Vaşinqtonu iqtisadi təzyiq əvəzinə diplomatik həll yollarına üstünlük verməyə çağırır. Çin tərəfi İranla bağlı məsələlərin siyasi danışıqlar yolu ilə həll edilməsinin regional sabitlik baxımından daha səmərəli olduğunu bildirir.







