BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini, general-mayor Mustafa İzədi Hörmüz boğazının İran qüvvələrinin nəzarəti altında olduğunu bildirib. O, bölgədəki hərbi vəziyyəti qiymətləndirərkən qarşı tərəfin çətin vəziyyətdə olduğunu iddia edib. Mustafa İzədinin SEPAH komandirinin müavini vəzifəsinə avqustun 10-da təyin edildiyi bildirilir.
TurkicWorld xəbər verir ki, Mustafa İzədi “düşmənin aciz vəziyyətdə olduğunu” deyərək İran qüvvələrinin Hörmüz boğazına nəzarət etdiyini vurğulayıb. Onun sözlərinə görə, İranın hərbi imkanları qarşı tərəfin bölgədəki fəaliyyətinə ciddi təsir göstərir.
İzədi bildirib ki, İranın rəqibləri ölkəni zəiflətməyə çalışsalar da, buna nail ola bilməyiblər. O, İranın hərbi qarşıdurmalar nəticəsində daha güclü mövqeyə sahib olduğunu iddia edib. İranın rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, İzədi ABŞ və onun müttəfiqlərinin hərbi üstünlüyünə baxmayaraq, İranın müqavimət göstərdiyini söyləyib.
General-mayorun Hörmüz boğazı ilə bağlı açıqlaması bölgədə gərginliyin yüksək olaraq qaldığı bir vaxta təsadüf edir. İran rəsmiləri son günlər diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə Hörmüz boğazında daha sərt hərbi addımlar ata biləcəkləri barədə xəbərdarlıq ediblər.
Hörmüz boğazına nəzarət məsələsi hazırda Tehranla Vaşinqton arasındakı qarşıdurmanın əsas mövzularından biridir. İran strateji su yolunda öz mövqeyini qorumağa çalışdığı halda, ABŞ bölgədə hərbi mövcudluğunu davam etdirir.







