BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza zolağında İsrailin hücumları nəticəsində dağıdılmış iki evin dağıntıları altından 21 fələstinlinin qalıqları çıxarılıb, üçüncü evin dağıntıları altında qaldığı ehtimal edilən daha 40 nəfərin axtarışına başlanılıb.
TurkicWorld xəbər verir ki, Qəzza mülki müdafiə dəstələri bu gün Qəzza şəhərinin müxtəlif ərazilərində dağıntılar altında qalan insanların qalıqlarının çıxarılması üçün axtarış-xilasetmə işləri aparıb.
Mülki müdafiə sözçüsünün Anadolu Agentliyinə verdiyi məlumata görə, Şərqi Qəzza şəhərində Əsqələ ərazisi yaxınlığında Bətincı ailəsinə məxsus evin dağıntıları altından 12 fələstinlinin qalıqları çıxarılıb.
Məhəmməd Bəsəl bildirib ki, axtarış-xilasetmə qrupları Qəzza şəhərinin qərbində yerləşən Kətibə ərazisində Qərbiyyə ailəsinə məxsus evin dağıntıları altından da doqquz fələstinlinin qalıqlarını çıxarıb.
Bununla da iki dağıdılmış evdən çıxarılan insan qalıqlarının ümumi sayı 21-ə çatıb.
Daha sonra qruplar Şərqi Qəzza şəhərinin Zeytun məhəlləsində yerləşən Məğribi ailəsinə məxsus evə yollanıb. Burada 40 fələstinlinin dağıntılar altında qaldığı barədə məlumat daxil olub.
Mülki müdafiə dəstələri həmin şəxslərin qalıqlarının çıxarılması üçün axtarış işlərinə başlayıb.
Bəsəl xilasetmə və axtarış işlərinin ciddi texniki və maddi çətinliklərlə üzləşdiyini bildirib. O, ağır texnika, xüsusi avadanlıq, yardım ləvazimatları və yanacaq çatışmazlığının işləri əhəmiyyətli dərəcədə çətinləşdirdiyini vurğulayıb.







