BAKI,TurkicWorld Orxan Qədirzadə
İsrail müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilindəki yəhudi məskənlərində hüquq-mühafizə səlahiyyətlərinin ordudan Milli Təhlükəsizlik Nazirliyinə tabe polisə verilməsi üçün plan hazırlanmasını tapşırıb.
Qərarın ifrat sağçı nazir İtamar Ben-Qvirin rəhbərlik etdiyi polisə əlavə səlahiyyətlər verməsi məskunlaşanların fələstinlilərə qarşı hücumlarının artdığı bir vaxtda ciddi narahatlıq yaradıb.
Fələstin Muxtariyyətinin sədr müavini Hüseyn əş-Şeyx qərarı pisləyərək bunun beynəlxalq hüququ və mövcud razılaşmaları pozduğunu bildirib. O, addımın İordan çayının qərb sahili və Şərqi Qüds üzərində İsrail suverenliyinin tətbiqinə və ilhaqın möhkəmləndirilməsinə yönəldiyini deyib.
Fələstinli siyasi fəallar və ekspertlər səlahiyyətlərin ordu əvəzinə Ben-Qvirin nəzarətində olan polisə verilməsinin sadəcə inzibati dəyişiklik olmadığını, bölgədə İsrail nəzarətinin genişləndirilməsi üçün yeni mərhələ yarada biləcəyini bildirirlər.
Onların fikrincə, qərar məskunlaşanların hücumlarına görə məsuliyyətin zəifləməsi, qanunsuz yaşayış məntəqələrinin legitimləşdirilməsi və fələstinlilərin məcburi köçürülməsi riskini artıra bilər.
Qərar İordan çayının qərb sahilində məskunlaşanların fələstinlilərə və onların mülklərinə qarşı hücumlarının artdığı bir dövrə təsadüf edir. Fələstin tərəfi beynəlxalq ictimaiyyəti İsrailin birtərəfli addımlarının qarşısını almağa çağırıb.






