BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranın müharibə zamanı dəymiş zərərə görə təzminat tələb etməsindən sonra Vaşinqtonun da Tehrandan kompensasiya tələb edəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Donald Tramp özünün "Truth Social" hesabında paylaşdığı açıqlamada İranın hazırda təzminat tələb etdiyini, lakin əvvəlki danışıqlar və görüşlər zamanı belə bir məsələ qaldırmadığını iddia edib.
Tramp bildirib ki, ABŞ də İranın həyata keçirdiyi hücumlar nəticəsində ölən və yaralanan şəxslərin ailələri üçün təzminat tələb edəcək.
ABŞ Prezidenti "USS Cole" hərbi gəmisinə hücum nəticəsində ölənlərin ailələrini və müxtəlif münaqişələrdə həyatını itirən digər şəxsləri nümunə göstərib.
O, həmçinin İran daxilində son 50 ildə etiraz aksiyaları zamanı öldürülən şəxslərin ailələrinə və son beş ayda həlak olduğunu iddia etdiyi 52 min nəfərə görə də təzminat ödənilməli olduğunu bildirib.
Tramp qeyd edib ki, nümayəndələrinə gələcək danışıqlarda bu tələbin irəli sürülməsi barədə göstəriş verib.
İran daha əvvəl ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində ölkəyə dəyən zərərə görə kompensasiya tələb etdiyini açıqlamışdı.







