BAKI,TurkicWorld,Yusif Şərifzadə
Hörmüz boğazının bağlanması xüsusilə Küveyt, Bəhreyn və Qətər üçün ciddi iqtisadi çətinliklər yaradır. Bu ölkələrin dəniz nəqliyyatı üçün alternativ marşrut imkanları məhduddur.
TurkicWorld xəbər verir ki, Yaxın Şərq üzrə Qlobal Məsələlər Şurasının qeyri-rezident baş elmi əməkdaşı və iqtisadçı Frederik Şnayder Körfəz ölkələrinin alternativ yollarla yaranmış itkiləri tam kompensasiya edə bilməyəcəyini bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin alternativ ixrac imkanları olsa da, bu yollar belə Hörmüz boğazının bağlanmasının yaratdığı bütün itkiləri əvəz edə bilmir.
Şnayder qeyd edib ki, Yəməndə husilərin Qırmızı dənizdə yaratdığı qismən məhdudiyyətlər vəziyyəti daha da ağırlaşdırır və bölgənin ticarət imkanlarına əlavə təzyiq yaradır.
İqtisadçı bildirib ki, Körfəz ölkələri indiyədək maliyyə ehtiyatları hesabına vəziyyətə uyğunlaşa biliblər, lakin artıq böyük iqtisadi yük formalaşır.
Onun sözlərinə görə, yüksək neft qiymətlərinə baxmayaraq, Səudiyyə Ərəbistanının büdcə kəsirinin genişlənməsi bu təzyiqin göstəricilərindən biridir.
Şnayder alternativ marşrutların heç vaxt Hörmüz boğazının tam əvəzini verə bilməyəcəyini vurğulayıb. O bildirib ki, bir konteyner gəmisinin daşıdığı yük həcmi qatarla müqayisədə dəfələrlə çoxdur.
İqtisadçı əlavə edib ki, Körfəz ölkələrinin sahillərindən həyata keçirilən neft ixracı da böhrana səbəb olan raket və pilotsuz uçuş aparatları hücumları qarşısında risk altında qalır.
Qlobal neft qiymətləri ilə bağlı Şnayder bildirib ki, ehtiyatların bazara çıxarılması və Rusiyanın Hindistan və Çinə neft ixracını artırması qiymətlərin daha yüksək səviyyəyə qalxmasının qarşısını alıb.
Onun sözlərinə görə, bu tədbirlər müvəqqəti xarakter daşıyır və gələcəkdə gübrə qiymətlərinin artması kimi əlavə təsirlər məhsul yığımı dövründə daha çox hiss oluna bilər.







