BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Bağır Zülqədr Hörmüz boğazının yenidən açılması üçün ABŞ-nin yerinə yetirməli olduğu şərtləri açıqlayıb. O, Vaşinqtonun İrana münasibətdə siyasətini dəyişməli olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, İranın dövlət yayım qurumunun yayımladığı bəyanatda Məhəmməd Bağır Zülqədr ABŞ qarşısında altı əsas tələb irəli sürüb və Tehran rəhbərliyinin bu tələblərdən geri çəkilməyəcəyini vurğulayıb.
Zülqədrin sözlərinə görə, ilk növbədə ABŞ İrana və ölkənin müqəddəs dəyərlərinə qarşı təhdidlərə son qoymalıdır.
İran rəsmisi, həmçinin ABŞ-dən İrana və onun bölgədəki müttəfiqlərinə qarşı hərbi əməliyyatları birdəfəlik dayandırmağı tələb edib.
Tehranın digər tələbi İrana qarşı tətbiq edilən mühasirədə iştirak edən ABŞ-nin hərbi dəniz və hava qüvvələrinin bölgədən çıxarılmasıdır.
Zülqədr bildirib ki, ABŞ son münaqişə zamanı İrana vurulan zərərə görə təzminat ödəməlidir. Tehran, həmçinin Vaşinqtondan İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırmağı tələb edir.
İranın irəli sürdüyü sonuncu əsas şərt isə ölkənin dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılmasıdır.
Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, qurum istər müharibə, istərsə də danışıqlar şəraitində bu tələblərdən geri çəkilməyəcək.







