BAKI,TurkicWorld,Yusif Şərifzadə
Səudiyyə Ərəbistanı İranın Birləşmiş Ərəb Əmirliklərinə məxsus neftdaşıyan gəmiyə hücumunu kəskin şəkildə pisləyərək hadisəni dəniz nəqliyyatının və qlobal enerji təchizatının təhlükəsizliyinə qarşı təhdid kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İranın hücumunu beynəlxalq hüququn ciddi şəkildə pozulması adlandırıb və hadisəni ən sərt şəkildə qınadığını bildirib.
Nazirlik hücumun dəniz nəqliyyatının təhlükəsizliyinə, eləcə də dünya üzrə enerji təchizatının sabitliyinə qarşı yönəlmiş addım olduğunu vurğulayıb.
Səudiyyə Ərəbistanı İranın davam edən hücumlarının yarada biləcəyi nəticələrə görə Tehranı məsuliyyət daşıyan tərəf hesab etdiyini açıqlayıb.
Bəyanatda İrandan bölgənin təhlükəsizliyinin, sabitliyinin və əmin-amanlığının qorunması məqsədilə bu cür hərəkətləri dərhal dayandırması tələb olunub.
Ər-Riyad, həmçinin Birləşmiş Ərəb Əmirlikləri ilə tam həmrəyliyini bir daha bəyan edib.
Səudiyyə Ərəbistanı BƏƏ-nin öz suverenliyini və sərvətlərini qorumaq məqsədilə həyata keçirəcəyi bütün tədbirləri dəstəklədiyini bildirib.







