BAKI,TurkicWorld,Yusif Şərifzadə
İraqın yarımmuxtar Kürdüstan bölgəsinin baş naziri Məsrur Bərzani bölgənin ABŞ və İsrailin İranla müharibəsinə cəlb edilməsi üçün heç bir tərəfin onlara təzyiq göstərmədiyini bildirib.
TurkicWorld xəbər verir ki, Məsrur Bərzani "Əl-Cəzirə"nin ərəb bölməsinə açıqlamasında İraq kürdlərinin bölgədə baş verən heç bir münaqişənin tərəfi olmaq istəmədiklərini deyib.
Bərzani bildirib ki, Kürdüstan bölgəsi silahların yalnız rəsmi təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılması məsələsində İraq hökumətinin mövqeyini dəstəkləyir. Onun sözlərinə görə, əsas məqsəd Kürdüstan bölgəsini qorumaq və onu hər hansı münaqişədən uzaq saxlamaqdır.
Baş nazir Kürdüstan bölgəsinin indiyədək mindən çox raket və pilotsuz uçuş aparatı hücumuna məruz qaldığını bildirib. O qeyd edib ki, bu hücumların bir hissəsi birbaşa İrandan, digər hissəsi isə İraq ərazisində fəaliyyət göstərən bəzi silahlı dəstələr tərəfindən həyata keçirilib.
Bərzani Kürdüstan bölgəsinin İsraillə heç bir əlaqəsinin olmadığını da vurğulayıb. O bildirib ki, xarici siyasətin müəyyənləşdirilməsi İraqın federal hökumətinin səlahiyyətinə daxildir.
Kürdüstan bölgəsinin baş naziri Hərir hərbi hava bazasında son 10 il ərzində ABŞ hərbçilərinin olmadığını da bildirib.







